Eboladan ölənlərin sayı 1400-ü ötdü

Eboladan ölənlərin sayı 1400-ü ötdü Dünya

Konqo Demokratik Respublikasında may ayında elan edilmiş Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.

News24.az xəbər verir ki, son rəsmi məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 3 200-ə, ölənlərin sayı isə 1 405-ə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, epidemiya hazırda İturi, Şimali Kivu, Cənubi Kivu, Ot-Uele və Tşopo əyalətlərini əhatə edir.

Hazırda 773 nəfər təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır, 571 nəfər isə sağalıb.

Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxanların müalicəsini və onlarla təmasda olmuş şəxslərin müəyyən edilərək izlənilməsini davam etdirir.

Məlumata görə, bu epidemiya nadir rast gəlinən Bundibuqyo Ebola ştamı ilə bağlıdır və hazırda ona qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil.

Ebola virusu ilk dəfə 1976-cı ildə aşkarlanıb.

2014–2017-ci illərdə Qərbi Afrikada baş vermiş genişmiqyaslı epidemiya zamanı 30 mindən çox insan virusa yoluxmuş, 11 mindən artıq insan həyatını itirmişdi.