Əbu-Dabidəki insidentə görə həbs edilən 8 nəfər azad edildi
Dünya
Əbu-Dabi Cinayət Məhkəməsi rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədovların iştirakı ilə baş verən kütləvi davaya görə məhkum edilmiş səkkiz nəfəri həbsdən azad edib.
News24.az-ın Əbu-Dabi Məhkəmə Departamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, qərar tərəflərin qarşılıqlı iddialarını geri götürməsindən sonra qəbul edilib.
Bildirilib ki, zərərçəkmiş Əbu-Dabi hakimiyyətinə müraciət edərək təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını istəyib.
Qeyd edək ki, hadisə RAF Liqasının Əbu-Dabidə təşkil olunan media günü zamanı baş verib. Merab Dvalişvili müsahibə verdiyi vaxt Nurməhəmmədov qardaşları və komanda yoldaşları ona arxadan yaxınlaşaraq zərbələr endiriblər.
Hadisənin görüntüləri daha sonra sosial şəbəkələrdə yayılıb.