Əfqanıstanda ağır qəza: 18 ölü, 29 yaralı
Dünya
Şənbə günü Əfqanıstanın şərq hissəsində yük maşınının aşması nəticəsində 18 nəfər həlak olub. Ölənlər arasında 10 uşaq da var.
News24.az xəbər verir ki,yerli hakimiyyət orqanlarının məlumatına görə, avtomobil əvvəllər Pakistanda yaşamış və Əfqanıstana qayıdan ailələri daşıyırmış. Həlak olanlar arasında 10 uşaq, 5 qadın və 3 kişi var. Daha 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza ölkənin şərqində yerləşən Cəlalabad şəhəri ilə paytaxt Kabil arasındakı magistral yolda baş verib.
Vilayət qubernatorunun nümayəndəsi Abdul Malik Niazai bildirib ki, Əfqanıstanda bu cür yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bunun əsas səbəbləri onilliklər boyu davam edən münaqişələr nəticəsində yolların pis vəziyyətə düşməsi, təhlükəli sürücülük və dövlət nəzarətinin zəif olmasıdır.
Son illərdə Pakistan əfqan miqrantlar və qaçqınlarla bağlı siyasətini sərtləşdirib ki, bu da insanların kütləvi şəkildə Əfqanıstana qayıtmasına səbəb olub. Bir çox ailələr əmlaklarını yük maşınlarında daşıyaraq geri dönürlər.
BMT Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri Pakistandan təxminən 447 400 əfqan vətəninə qayıdıb. (Modern)