Ər aldığı kobra ilə arvadını öldürdü

Ər aldığı kobra ilə arvadını öldürdü Dünya

Hindistanda bank işçisi Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra ilə öldürməkdə təqsirli bilinib.

News24.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

İstintaqın qənaətinə əsasən, o, həyat yoldaşının cehizinə və həyat sığortası ödənişinə sahib olmaq məqsədilə cinayəti əvvəlcədən planlaşdırıb.

Əlilliyi olan Utra bundan əvvəl də zəhərli ilan sancmasından xilas olub.

2020-ci ilin martında onu gürzə sancıb, uzun müddət müalicə aldıqdan sonra valideynlərinin evində sağalmışdı.

Bir müddət sonra isə qadını kobra sancıb və o, ertəsi gün həyatını itirib.

Daha sonra otaqda tapılan kobra öldürülüb.

Qadının yaxınları iki oxşar hadisənin təsadüfi olmadığını düşünərək polisə müraciət ediblər.

Araşdırma zamanı müəyyən olunub ki, Surac Kumar ilan ovçusundan iki zəhərli ilan alaraq həyat yoldaşına qarşı istifadə edib.

İstintaq materiallarına görə, ikinci hücumdan əvvəl o, həyat yoldaşına yuxu dərmanı verib, sonra isə kobranı otağa buraxıb. İttihama əsasən, ilanın daha aqressiv olması üçün onu bir neçə gün ac saxlayıb.

Müstəntiqlər həmçinin müəyyən ediblər ki, qadının ölümündən az əvvəl onun adına həyat sığortası rəsmiləşdirilib, qızıl zinət əşyalarının bir hissəsi isə yoxa çıxıb.

Sonradan polis kauçuk plantasiyasında gizlədilmiş 38 ədəd zinət əşyası aşkar edib.

İş üzrə Suracın bəzi qohumları da əmlakı gizlətmək və sübutları məhv etməkdə şübhəli biliniblər.

Məhkəmə Surac Kumarı qəsdən adam öldürməkdə təqsirli bilərək onu ömürlük azadlıqdan məhrum edib.