Əraqçı stefaya göndərilir? - Xameneidən icazəsiz görüş keçirib

Əraqçı stefaya göndərilir? - Xameneidən icazəsiz görüş keçirib Dünya

İranlı deputatlar İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin vəzifədən kənarlaşdırılmasını tələb edib.

News24.az xəbər verir ki, müvafiq prosedurun başlanması ilə bağlı sorğu artıq Məclisdə (parlamentdə) qeydiyyata alınıb.

Abbas Əraqçinin 2024-cü ildən tutduğu vəzifədən kənarlaşdırılması prosedurunun başlanması ilə bağlı sorğu oktyabrın 6-da Məclisdə qeydiyyata alınıb. Prosesin əsas təşəbbüskarı ultramühafizəkar düşərgəni təmsil edən deputat Əmir Hüseyn Sabəti olub.

İran diplomatiyasının rəhbərinə qarşı irəli sürülən ittihamlar arasında onun BMT Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda ABŞ prezidentinin administrasiyasının nümayəndələri ilə təmasları da yer alır. Sabətinin iddiasına görə, tərəflərin münaqişənin nizamlanması planı ilə bağlı fikir mübadiləsi apardığı danışıqlar İslam Respublikasının ali lideri Müctəba Xameneinin icazəsi olmadan baş tutub.

Xarici işlər nazirinə qarşı yalnız BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ rəsmiləri ilə icazəsiz təmaslara görə deyil, həm də neft qiymətlərinə təsir göstərən ictimai çıxışlarına görə irad tutulur.

Abbas Əraqçi Nyu-Yorka səfəri zamanı ABŞ mediasına bir neçə müsahibə verib və bu müsahibələrdə İranın münaqişənin diplomatik yolla həllinə hazır olduğunu vurğulayıb.

Məhz bu cür ictimai mesajlar sentyabr ayında dünya neft bazarında yaranan panikanın azalmasına və neft qiymətlərinin müəyyən dərəcədə sabitləşməsinə, bununla da ABŞ iqtisadiyyatının maraqlarına xidmət edib.

İddiya görə, Abbas Əraqçi ABŞ-yə səfəri zamanı sığınacaq istəyib, lakin ona imtina cavabı verilib.Əraqçinin istefası ilə bağlı kampaniya İranın neft naziri Möhsün Paknejadın istefasından iki gün sonra başlayıb.