Ermənistan İstintaq Komitəsi müxalifətçi siyasətçinin evində axtarış apardı

Ermənistan İstintaq Komitəsi müxalifətçi siyasətçinin evində axtarış apardı Dünya

Ermənistanın İstintaq Komitəsinin əməkdaşları müxalifətdə olan “Ana Ermənistan” Partiyasının siyasətçisi Areknaz Manukyanın evində axtarış aparıblar.

News24.az xəbər verir ki, bu barədə o, “Facebook”-da canlı yayım zamanı məlumat verib.

Məlumata görə, Manukyanın evində aparılan axtarışlar “Ana Ermənistan” Hərəkatının həbsdə olan lideri Andranik Tevanyan barəsində başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

O, dövlətə xəyanət və casusluqda ittiham olunur.

“Ana Ermənistan” Partiyası iyunun 7-də keçirilmiş parlament seçkilərində iştirak edib. Partiyanın namizədləri, o cümlədən Areknaz Manukyan, “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısına daxil ediliblər. Tevanyan həmin siyahıda ikinci sırada yer alıb.

May ayının sonunda İrəvan məhkəməsi Tevanyanın barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ermənistanın Baş naziri Nikol Paşinyan onu vətənə xəyanətdə ittiham edib, İstintaq Komitəsi isə “Dövlətə xəyanət” və “Casusluq” maddələri ilə cinayət işi açıb.

Müxalif siyasətçi isə bu ittihamları gülünc və absurd adlandırıb. /News.am/