Ermənistana niyə dəstək verək, bəlkə sabah bizimlə müharibə edəcəklər? - Overçuk

Ermənistana niyə dəstək verək, bəlkə sabah bizimlə müharibə edəcəklər? - Overçuk Dünya

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması davam edərsə, Moskva Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində və ikitərəfli razılaşmalar üzrə rəsmi İrəvana dəstək tədbirləri göstərməyə bilər.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının baş nazirini müavini Aleksey Overçuk deyib.

“Ermənistanda parlament seçkilərində kim qalib gələcək – bunu bilmək, sonra isə tədbirlər görmək, qərar vermək lazımdır. Əgər Avropayönlü qüvvələr qalib gələrsə, deməli, Ermənistan Avropa İttifaqına doğru gedir. O halda müvafiq addımlar atmaq lazım olacaq”, - Overçuk vurğulayıb.

Onun sözlərinə görə, Moskva gələcəkdə Rusiya ilə müharibəyə hazırlaşan Avropa İttifaqına inteqrasiya edən ölkəyə maliyyə dəstəyi göstərə bilməz.

“Biz niyə belə bir ölkəyə dəstək verməliyik? Biz sabah bəlkə də bizimlə müharibə edəcək tərəflərə pul verəcəyik?” — o bildirib.

Baş nazirin müavini xatırladıb ki, Rusiya hələlik Ermənistan qarşısında Aİİ çərçivəsində öhdəliklərini saxlayır, lakin bu öhdəliklər yenidən nəzərdən keçirilə bilər.

Onun sözlərinə görə, Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın ittifaq üzvlüyünün dayandırılması imkanının araşdırılması ilə bağlı fikir səsləndirilib.

“Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını istəmirik,” — deyə o bildirib.

Overçuk əlavə edib ki, bu ittifaq çərçivəsində dəstək gömrük rüsumlarının olmaması, açıq bazarlar, aşağı enerji qiymətləri və işçi qüvvəsinin sərbəst hərəkəti kimi üstünlüklər deməkdir.