Ermənistanda hərbçilər niyə intihar edir? - Paşinyan səbəbləri açıqladı

Ermənistanda hərbçilər niyə intihar edir? - Paşinyan səbəbləri açıqladı Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ordusunda hərbçilərin intiharına səbəb olan üç əsas amili sadalayıb.

News24.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı danışıb.

"Bilirsinizmi, ordumuzda hərbçilər niyə intihar edirlər? Səbəblərdən biri mərc oyunları və borc bataqlığına düşmək, daha sonra isə həmin borcları qaytara bilməməkdir", – deyə o qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət fəaliyyətdə olan hərbçilərin qumar oyunlarında iştirakını qadağan edən hüquqi tədbirlər qəbul edib, lakin sistem hələ tətbiq mərhələsindədir. Paşinyan qeyd edib ki, bu problemdən hələ 2010–2011-ci illərdə "Koş" cəzaçəkmə müəssisəsində olarkən xəbərdar olub.

O bildirib ki, hərbçilər başqalarının telefonlarından istifadə edərək mərc edə bilirlər. Bundan başqa, telefon vasitəsilə mərc qəbul edən, uduşu ödəyən və uduzanlardan pulu müxtəlif yollarla geri tələb edən "kölgə dilerləri" fəaliyyət göstərir.

Baş nazirin sözlərinə görə, ikinci əsas səbəb ailə və şəxsi problemlərdir.

Üçüncü səbəb isə döyüş mövqelərində xidmət zamanı yuxuya getmə ilə bağlıdır.

"Əgər hərbçi döyüş mövqeyində yuxuya gedibsə, deməli, o, digər hərbçilərin həyatını təhlükə altına qoyub", – deyə Paşinyan vurğulayıb.

O izah edib ki, döyüş postunda yuxuya gedən hərbçilərə qarşı xidmət yoldaşları tərəfindən laqeyd və mənfi münasibət yarana bilər. Mövqedən qayıtdıqdan sonra belə hərbçilər kollektivdən təcrid olunur, psixoloji təzyiqə məruz qalırlar və bu da bəzi hallarda intihara səbəb ola bilir.

Paşinyanın sözlərinə görə, orduda baş verən intihar hallarının 90 faizə qədəri məhz bu üç səbəblə bağlıdır.