Ermənistanda rus hərbçilər ukraynalını döydülər

Ermənistanda rus hərbçilər ukraynalını döydülər Dünya

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşını döyməkdə ittiham olunaraq həbs edilib.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Azatutyun” radiosu məlumat yayıb.

Bildirilib ki, hadisə təxminən bir ay əvvəl Gümrünün Ani məhəlləsində baş verib. Ukrayna vətəndaşı Dmitri Samuelenko iki rus hərbçi tərəfindən döyüldüyünü bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başlanılıb və məhkəmə-tibbi ekspertiza təyin olunub. Sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən hər iki rus hərbçi həbs edilərək Ermənistanın penitensiar müəssisəsinə yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Gümrüdə rus hərbçilərin başqa bir gənci döyərək alçaltdığını əks etdirdiyi bildirilən videogörüntülər də yayılıb. Hüquq müdafiəçisi Artur Sakunts bununla bağlı Baş Prokurorluğa müraciət edib.

Ermənistanın hüquq-mühafizə orqanları ikinci hadisə ilə bağlı araşdırma aparır. Rusiya hərbi bazası və Rusiyanın Ermənistandakı səfirliyi hadisələrə münasibət bildirməyib.