Ermənistandan Rusiyanı əsəbiləşdirəcək Avropa İttifaqı qərarı
Dünya
Birləşmiş Millətlər Təşkilatının (BMT və Avropa İttifaqının səyahət sənədlərinə malik vəzifəli şəxsləri Ermənistana vizasız daxil ola biləcəklər.
News24.az xəbər verir ki, müvafiq qərar respublika hökumətinin iclasında qəbul edilib.
Sənəddə qeyd olunub ki, BMT və Aİ-nin bu səyahət sənədləri statusuna görə xidməti (diplomatik) pasportlara bərabər tutulur.
İndiyədək səyahət sənədləri sahibləri səfərin məqsədindən və tutduqları vəzifədən asılı olaraq Ermənistana giriş vizasını sadələşdirilmiş qaydada və ödənişsiz əldə edə bilirdilər.
Qəbul edilmiş qərara əsasən, bu sənədlərin sahibləri təqvim ili ərzində 180 günədək müddətə Ermənistana daxil olarkən viza tələbindən azad ediləcəklər.
Bildirilib ki, bu addım həm də 2026-cı ildə Ermənistanda keçiriləcək COP17 konfransına hazırlıqla bağlıdır. Bu səbəbdən BMT və Avropa İttifaqı strukturlarının nümayəndələrinin ölkəyə səfərlərinin sayının artacağı gözlənilir.
Vurğulanıb ki, yenilik Ermənistanın beynəlxalq imicinin möhkəmlənməsinə və onun beynəlxalq əməkdaşlıq üçün cəlbedici platforma kimi nüfuzunun artmasına töhfə verəcək. /Sputnik Ermənistan/