Ermənistanın yeni prezidenti Simonyan olacaq? - Paşinyan açıqladı

Ermənistanın yeni prezidenti Simonyan olacaq? - Paşinyan açıqladı Dünya

““Vətəndaş Müqaviləsi" Partiyası istefa verən parlamentin spikeri Alen Simonyanın Ermənistan prezidentliyinə namizədliyini irəli sürmək imkanını müzakirə etmir”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan partiyanın İdarə Heyətinin iclasından sonra jurnalistlərə bildirib.

Paşinyan Simonyanla arasında şəxsi fikir ayrılıqları barədə yayılan xəbərləri də təkzib edib, bildirib ki, bunlar həqiqəti əks etdirmir.

O eyni zamanda Simonyanın gələcək siyasi fəaliyyətinin partiya daxilində müzakirə olunacağını və yekun qərarın həm partiyanın, həm də sabiq spikerin mövqeyinin nəzərə alınaraq veriləcəyini bildirib.

Baş nazir vurğulayıb ki, keçmiş yüksək vəzifəli dövlət rəsmilərinin təcrübəsi hakim komanda üçün mühüm siyasi kapitaldır. O, buna nümunə kimi keçmiş parlament sədri və baş nazir müavini olmuş hazırkı xarici işlər naziri Ararat Mirzoyanı da göstərib.

Xatırladaq ki, erməni KİV-lərində Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı yayılan xəbərlərin fonunda Simonyanın ölkənin yeni rəhbəri ola biləcəyi barədə məlumatlar dərc olunmuşdu.

Onu da qeyd edək ki, parlament seçkilərində Simonyan hakim partiyanın siyahısında 14-cü yerdə olsa da, yeni parlamentdə nə sədr, nə də vitse-spiker vəzifəsinə namizəd göstərilməyib.

Hakim partiya parlament sədri postuna hazırkı vitse-spiker Ruben Rubinyanın namizədliyini irəli sürüb.

Yeni parlament fraksiyasının rəhbərliyi isə qapalı gizli səsvermə ilə müəyyən ediləcək. /Sputnik Ermənistan/