Etirazlar İranı sarsıdır: Bölgədə yeni dövlətlər yarana bilər
Dünya
İranda davam edən etiraz aksiyaları fonunda regionla bağlı müxtəlif iddialar və ssenarilər gündəmə gəlməkdədir. Siyasi qeyri-sabitliyin dərinləşməsi, mərkəzi hakimiyyətin nəzarət imkanlarının zəifləməsi ehtimalları fonunda ölkənin gələcək siyasi xəritəsi ilə bağlı fərqli proqnozlar irəli sürülür.
Bu müzakirələrdə tez-tez səslənən ssenarilərdən biri də mövcud rejimin süqutu halında İranın kürdlərin yaşadığı bölgələrində yeni bir Kürdistan dövlətinin formalaşa biləcəyi ehtimalıdır. Bu iddialar həm regional, həm də beynəlxalq səviyyədə diqqətlə izlənilən proseslərin bir hissəsi kimi qiymətləndirilir.
Maraqlıdır, belə bir ssenari gerçəkləşə bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, İranın gələcəyi ilə bağlı parçalanma və yeni dövlətlərin yaranması ssenarisi uzun illərdir müzakirə olunur və hazırkı proseslər bu ehtimalları yenidən aktuallaşdırıb:
"Müxtəlif dövrlərdə İranın beş bölgəyə parçalanacağı və nəticədə beş ayrı dövlətin formalaşacağı ilə bağlı fikirlər irəli sürülüb və bu ssenarilər bu gün də gündəmdədir. Bu kontekstdə xüsusilə Kürdistan və Bəlucistan məsələləri ön plana çıxır. Hazırda ölkədə baş verən hadisələr, etirazların miqyası və mərkəzi hakimiyyətin zəifləməsi fonunda İranın parçalanması və müəyyən ərazilərdə yeni siyasi qurumların yaranması ehtimalı daha çox diqqət çəkir. Kürd amili bu ssenaridə xüsusi yer tutur və bəzi qruplar açıq şəkildə mövcud rejimi qəbul etmədiklərini, müstəqil yaşamaq istədiklərini dəfələrlə bəyan ediblər".
Asif Nərimanlı əlavə edib ki, İranın parçalanması və onun yerində yeni bir dövlətin və ya dövlətlərin yaranması nəzəri baxımdan mümkündür:
"Əgər rejim devrilərsə, bu prosesin baş vermə ehtimalı hazırkı mərhələdə əvvəlki dövrlərlə müqayisədə daha real görünür. Bunun əsas səbəbi isə ölkə daxilində dərin sosial-siyasi gərginliyin mövcudluğu, eyni zamanda İranın üzləşdiyi ciddi xarici təzyiqlərdir. Lakin hazırkı halda İranda daha çox bəzi muxtariyyətlərin yaranması daha reladır".
Politoloqun sözlərinə görə, ABŞ-nin mümkün birbaşa müdaxiləsi belə mövcud rejimin dağılmasına aparan əsas amillərdən birinə çevrilə bilər. O xatırladıb ki, davam edən etirazlar və son bir il ərzində yaşanan ciddi iqtisadi çöküş İranı xeyli zəiflədib və bu zəiflik postrejim dövrü ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.