Fəlakətli aclıq yaxınlaşır: BMT 16 bölgə üzrə həyəcan siqnalı verdi
Dünya
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) dünyanın müxtəlif bölgələrində ərzaq böhranının kəskinləşdiyini açıqlayıb.
News24.az xəbər verir ki, iki qurumun birgə hesabatına əsasən, 2025-ci ilin noyabrından 2026-cı ilin may ayına qədər 16 nöqtədə aclıqla bağlı vəziyyət daha ağırlaşacaq.
Hesabatda qeyd edilir ki, xüsusilə Haiti, Mali, Fələstin, Cənubi Sudan, Sudan və Yəməndə vəziyyət 5-ci səviyyədədir. Bu, BMT-nin Qida Təhlükəsizliyi Təsnifatında fəlakətli aclıq göstəricisidir. Məlumatda vurğulanır ki, silahlı münaqişələr, zorakılıq və iqtisadi qeyri-sabitlik həmin bölgələrdə qida çatışmazlığını dərinləşdirir.
FAO və ÜƏP bildirir ki, Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya, Somali və Suriya da çox yüksək narahatlıq doğuran ölkələr siyahısına daxildir.
Bundan əlavə, Burkina Faso, Çad, Keniya və Banqladeşdəki Rohinca icmasının vəziyyəti də ciddi diqqət tələb edir.