Finlandiya prezidenti Putinə zənglə bağlı tənqidlərə cavab verdi

Finlandiya prezidenti Putinə zənglə bağlı tənqidlərə cavab verdi Dünya

Finlandiya Prezidenti Aleksandr Stubb Norveçin Baş naziri Jonas Gar Störe ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi etmələri ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.

News24.az xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Stubb bu addımı müdafiə edərək, hadisənin Avropanın vasitəçi kimi çıxış edə biləcəyini göstərən ilk nümunə olduğunu deyib.

Finlandiya Prezidenti qeyd edib ki, telefon danışığından əvvəl Qərb müttəfiqləri bu barədə məlumatlandırılıb. Onun sözlərinə görə, zəngdən sonra çoxsaylı müsbət rəylər alsalar da, yalnız bir mənfi reaksiya ilə qarşılaşıblar.

“Biz bu zəngə görə tənqid olunacağımızı tam başa düşürdük. Çünki bu, Avropa siyasətində dəyişiklik demək idi”, – deyə Stubb bildirib.

O, digər Avropa liderlərinin də daha fəal mövqe nümayiş etdirəcəyinə ümid etdiyini vurğulayıb. Prezident Almaniya, Fransa və İtaliyanın Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakını təmin etmək üçün təşəbbüs göstərəcəyini gözlədiyini bildirib.