Fransada 575 min insan küçələrə axışdı: Ölkə ümumxalq tətili ilə iflic oldu
Dünya
Fransada hökumətin siyasətinə və sosial-iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar keçirilib. Nümayişlərdə təxminən 575 min nəfər iştirak edib. Bu, sentyabr ayında başlayan etiraz dalğasından bəri qeydə alınan ən böyük aksiya olub.
News24.az xəbər verir ki, etirazlar ümumxalq tətili ilə eyni vaxta təsadüf edib. Nümayişçilərin sayının çox olmasına baxmayaraq, aksiyalar ümumilikdə nisbətən dinc keçib. Bununla belə, ölkənin müxtəlif şəhərlərində ayrı-ayrı toqquşmalar baş verib.
Etirazların miqyası müxtəlif sosial qrupların narazılığını əks etdirib. Aksiyalara məktəblərdə şəraitin yaxşılaşdırılmasını tələb edən şagirdlər, həmkarlar ittifaqları və “sarı jiletlilər” hərəkatının nümayəndələri də qoşulublar.
Etirazçıları birləşdirən əsas məsələlər yaşayış xərclərinin artması, hökumətin fəaliyyətindən narazılıq, gəlir bərabərsizliyi və sosial-siyasi dəyişikliklər tələbi olub.
Fransanın bir sıra iri həmkarlar ittifaqları tələbələri, müəllimləri, poçt işçilərini, həkimləri, əczaçıları və nəqliyyat sektorunun əməkdaşlarını ümumxalq tətilinə çağırıblar.
Tətil nəticəsində bəzi məktəblərdə, universitetlərdə, dəmir yolu nəqliyyatında və qismən xəstəxanalarda xidmətlərdə fasilələr yaranıb.
Hökumətin məlumatına görə, ölkədəki ali təhsil müəssisələrinin təxminən üçdə biri etirazlar səbəbindən fəaliyyətini dayandırıb, məktəb işçilərinin isə 13 faizə yaxını tətilə qoşulub. Həmkarlar ittifaqları isə iştirakçıların sayının rəsmi göstəricilərdən daha çox olduğunu iddia ediblər.