Fransada meşə yanğını böyüyür: minlərlə insan təxliyə edildi

Fransada meşə yanğını böyüyür: minlərlə insan təxliyə edildi Dünya

Fransanın cənubundakı Var departamentində baş verən iri meşə yanğını səbəbindən Frejüs kommunası yaxınlığındakı düşərgələrdən 2200 nəfər təxliyə edilib.

News24.az xəbər verir ki, bu barədə Var departamentinin prefekturası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də Frejüs kommunası yaxınlığında başlayan meşə yanğını hazırda lokallaşdırılıb. Təhlükəsizlik məqsədilə ərazidə yerləşən düşərgələrdən 2200 nəfər təxliyə olunub.

Yanğının söndürülməsinə 300-dən çox yanğınsöndürən və xilasedici, 85 xüsusi texnika, 3 yanğınsöndürən təyyarə və 4 helikopter cəlb edilib.

Qeyd edək ki, son günlər Fransada anomal istilər müşahidə olunub və ölkədə çoxsaylı temperatur rekordları qeydə alınıb. Hazırda havanın temperaturu 30 dərəcədən aşağı düşsə də, ölkənin cənubundakı 6 departamentdə meşə yanğınları ilə bağlı yüksəldilmiş, daha 3 departamentdə isə yüksək təhlükə səviyyəsi elan edilib.

Artıq bəzi departamentlərdə yeni yanğın ocaqları barədə məlumatlar daxil olur və onların söndürülməsi üçün yanğınsöndürən təyyarə və helikopterlərdən istifadə edilir.