Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatıldı
Dünya
Fransada qiymət artımına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etiraz aksiyalarında ölkə üzrə 410 min nəfər iştirak edib.
News24.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Ən böyük aksiya Parisdə keçirilib. Rəsmi məlumatlara görə, yürüşə 110 min nəfər qatılıb. Aksiyaların təşkilatçılarından biri olan CGT həmkarlar ittifaqı isə ölkə üzrə iştirakçıların sayının 800 minə çatdığını, Parisdə isə təxminən 250 min nəfərin etiraz etdiyini bildirib.
Paris və ölkənin bir sıra digər şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Ən ciddi insidentlər Paris, Nant, Lill və Lionda qeydə alınıb.
“CNEWS” telekanalının məlumatına görə, Nantda etirazçılar əvvəllər də oktyabrın 17-də baş verən iğtişaşlar zamanı hücuma məruz qalmış zərgərlik mağazasını qarət etməyə cəhd göstəriblər. Daha sonra Luara-Atlantik departamentinin və Luara torpaqları regionunun prefekturası polis əməkdaşlarının oğurluğun qarşısını operativ şəkildə aldığını və 6 nəfəri saxladığını açıqlayıb.