Futbol turnirində faciə - Futbolçunu ildırım vurub öldürdü

Futbol turnirində faciə - Futbolçunu ildırım vurub öldürdü Dünya

Tailandın cənubundakı Narativat əyalətində keçirilən futbol oyunu zamanı meydana ildırım düşməsi nəticəsində bir futbolçu həyatını itirib.

News24.az xəbər verir ki, hadisə Narativat əyalətinin Sunqai Kolok rayonundakı Santipap stadionunda keçirilən "Golok FA Cup 2026" turnirinin yarımfinal oyunu zamanı baş verib.

Matçın əlavə vaxtında meydanın mərkəzinə ildırım düşüb və çox sayda futbolçu yerə yıxılıb. Futbolçulara ilk tibbi yardım meydançaya daxil olan tibb işçiləri tərəfindən göstərilib.

Hadisə nəticəsində "FC Yala" klubunun futbolçusu, Tailand vətəndaşı Sofvan Avae həyatını itirib, daha 9 futbolçu isə xəsarət alıb. Yaralananların hamısı xəstəxanaya yerləşdirilib.

"Yala FC" rəhbərliyi Sofvan Avaenin ölümü ilə əlaqədar başsağlığı mesajı yayıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.