Gözlənilmədən istefa verdi
Dünya
ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard istefa verib.
News24.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qabbard əvvəllər Demokratlar Partiyasından konqresmen olub, daha sonra partiyanı tərk edərək Donald Tramp tərəfdarlarına yaxınlaşıb və ABŞ-ın daha təmkinli xarici siyasət kursunun müdafiəçilərindən birinə çevrilib.
Onun mövqeyi tez-tez mübahisələr doğururdu. Qabbard ABŞ-ın hərbi müdaxilələrini tənqid edir, xaricdə rejim dəyişikliklərinə qarşı çıxır, uzunmüddətli müharibələrə skeptik yanaşır və Vaşinqtonun müttəfiqlərin təzyiqi ilə avtomatik şəkildə münaqişələrə qoşulmamalı olduğunu bildirirdi.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra isə o, “ABŞ və NATO Rusiyanın Ukraynanın alyansa üzvlüyü ilə bağlı “qanuni narahatlıqlarını” qəbul etsəydi, müharibənin qarşısının alına biləcəyini” deyib. Daha sonra Qabbard Ukraynadakı biolaboratoriyalar mövzusunu da gündəmə gətirib.
Bundan əvvəl ABŞ Milli Antiterror Mərkəzinin rəhbəri Co Kent də vəzifəsindən ayrılıb. O, Qabbardın əsas müşavirlərindən biri hesab olunurdu. (Fox News)