Güclü yağışlar Fransanın cənub-şərqində həyatı iflic etdi
Dünya
Fransanın cənub-şərqindəki yeddi departamentdə müşahidə olunan şiddətli yağışlar evlərin və iş yerlərinin su altında qalmasına, həmçinin nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olub.
News24.az xəbər verir ki, bu haqda Fransanın meteorologiya agentliyi “Météo-France” məlumat yayıb.
Bildirilir ki, Qard, Var, Yuxarı Korsika, Ero, Ardeş, Voklüz və Buş-dü-Ron departamentlərində güclü yağışlarla bağlı xəbərdarlıqlar elan edib.
Agentlik bildirib ki, Var, Qard və Yuxarı Korsika departamentlərində ikinci ən yüksək xəbərdarlıq səviyyəsi olan "narıncı" həyəcan siqnalı qüvvədə qalır.
Buş-dü-Ron departamentində gecə saatlarında yağan güclü yağış və fırtına Marsel şəhərinin mərkəzində tramvay xəttinə ziyan vurub və dəmir yolu nəqliyyatının işini pozub.
Şəhər metrosunun 2-ci xəttində yerləşən "National" stansiyası su altında qalıb və nəticədə sərnişinlər üçün bağlanıb.