Gürcüstan "Qırmızı Körpü" gömrük postunda rüşvət əməliyyatı keçirdi
Dünya
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Baş Prokurorluq və Gəlirlər Xidməti ilə koordinasiyalı şəkildə keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində külli miqdarda rüşvət alma faktı üzrə irimiqyaslı həbs həyata keçiriblər.
News24.az xəbər verir ki, Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi cinayət başında yaxalanıb.
Aparılan araşdırmalarla yüksəkvəzifəli gömrük məmurunun qanunsuz sxem qurduğu müəyyən edilib.
Bildirilib ki, təqsirləndirilən şəxs xidməti vəzifəsini icra edərkən bir nəfər vətəndaşa sənədləşdirmə aparmadan, yəni bəyannamə təqdim etmədən 200 000 ABŞ dolları məbləğində nağd pulu gömrükdən keçirməyə kömək edəcəyinə söz verib.
Bu qanunsuz "himayədarlıq" və yaşıl dəhliz şəraitinin yaradılması müqabilində dövlət məmuru hər keçid üçün vətəndaşdan 8 000 ABŞ dolları rüşvət tələb edib.
İstintaq Xidmətinin əməkdaşları gömrük rəsmisini əvvəlcədən tələb etdiyi rüşvətin bir hissəsini - 4 000 ABŞ dollarını nağd şəkildə alarkən cinayət başında həbs ediblər.
Məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilən gizli istintaq və izləmə tədbirləri nəticəsində, növbə rəisinin rüşvət tələb etməsini və pulu qəbul etməsini sübut edən çoxsaylı audio və video faktlar qeydə alınıb.
Həmin materiallar işə maddi sübut kimi əlavə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (Külli miqdarda rüşvət alma) ilə cinayət işi açılıb. Bu maddənin sanksiyası dövlət məmuru üçün olduqca ağırdır və onu 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. /Xeber.ge/