Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı
Dünya
Gürcüstanda daimi yaşayan xarici vətəndaşlar arasında Azərbaycan vətəndaşlarının sayı 8 300 nəfərdir. Etnik mənsubiyyətə görə isə ölkədə 269 min azərbaycanlı yaşayır ki, bu da ümumi əhalinin 6,8 faizini təşkil edir.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin direktoru Qoqita Todradze 2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini təqdim edərkən məlumat verib.
Hesabata əsasən, etnik gürcülərdən sonra (84,1 faiz və ya 3 milyon 304 min nəfər) ölkənin ən böyük etnik azlığı azərbaycanlılardır. Üçüncü yerdə isə 4,3 faiz payla ermənilər qərarlaşıb.
Qoqita Todradzenin sözlərinə görə, ölkə əhalisinin 96,1 faizini və ya 3 milyon 775 min nəfərini Gürcüstan vətəndaşları təşkil edir. Onlardan 8 865 nəfəri ikili vətəndaşlığa malikdir. Son 10 ildə yerli vətəndaşların sayı 2,5 faiz artıb.
Xarici vətəndaşların payı isə 3,4 faiz və ya 134 min nəfərdir. Onların arasında Rusiya vətəndaşları üstünlük təşkil edir – 37 700 nəfər. Sonrakı yerlərdə Hindistan (23 900 nəfər), Ukrayna (11 500 nəfər), Azərbaycan (8 300 nəfər) və Ermənistan (5 400 nəfər) vətəndaşları gəlir.
Siyahıyaalma ölkədə urbanizasiya səviyyəsinin yüksək olduğunu da üzə çıxarıb. Belə ki, əhalinin 62 faizi şəhərlərdə, 38 faizi isə kənd yerlərində yaşayır.
Paytaxt Tbilisinin əhalisi 2014-cü illə müqayisədə 20 faiz və ya 223 min nəfər artaraq 1 milyon 331 min nəfərə çatıb. Hazırda ölkə əhalisinin 34 faizi Tbilisidə yaşayır.
Ən böyük artım isə Batumi şəhərində qeydə alınıb. Şəhərin əhalisi 54 faiz artaraq 153 min nəfərdən 236 min nəfərə yüksəlib.