Helikopter qəzaya uğradı: Ölənlər var - Bu ölkədə
Dünya
Argentinanın San-Xuan əyalətində helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Marselo Orreqo və San-Xuan hökumətinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Hadisə meşə yanğınlarının söndürülməsi üzrə təlimlər zamanı baş verib.
Həlak olanlar arasında Mülki Müdafiə İdarəsinin rəhbəri Karlos Eredia, əyalət polis rəisinin müavini Herman Videla, yanğınsöndürmə xidmətinin rəisi Ruben Kastro, onun müavini Xorxe Karbaxal, helikopterin pilotu Matias Valensuela, eləcə də yanğınsöndürmə briqadasının əməkdaşları Andres Boş və Rodriqo Aymetta var.
Yerli hakimiyyət orqanları həlak olanların ailələrinə başsağlığı verərək, onlara lazımi dəstəyin göstəriləcəyini bildiriblər.
“The Sun” nəşrinin məlumatına görə, “Bell 412” markalı helikopter fövqəladə xidmət əməkdaşları üçün Argentinanın Milli Yanğınla Mübarizə Agentliyi tərəfindən təşkil olunan meşə yanğınlarının söndürülməsi kursu çərçivəsində təlim uçuşu həyata keçirib.
Uçuş zamanı hava gəmisi ilə əlaqə kəsilib, daha sonra onun qalıqları yerli dağ-mədən şirkətinə məxsus helikopterin ekipajı tərəfindən aşkar edilib.
Dağlıq ərazinin çətin keçilən olması səbəbindən xilasedicilər qəza yerinə yalnız piyada çata biliblər.