HƏMAS bu gecə yeni təhvilə hazırlaşır
Dünya
HƏMAS İsrailə daha bir girovun meyitini təhvil verəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, "Reuters"in məlumatına görə, meyitin bu gün gecə saatlarında İsrail tərəfinə təhvil verilməsi gözlənilir.
İsrail tərəfi isə hələlik planlaşdırılan təhvil prosesi ilə bağlı rəsmi bildiriş almadığını bildirib.
Məlumata görə, girovun meyiti Qəzzanın cənubundakı Xan Yunis şəhərində aşkarlanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı çərçivəsində HƏMAS İsrail həbsxanalarında saxlanılan təxminən 2 000 fələstinlinin azad olunması qarşılığında 20 girovu qaytarıb. Bundan əlavə, hərəkat əsirlikdə ölən 28 girovdan 15-nin qalıqlarını İsrail tərəfinə təhvil verib.
Məlumatlara görə, meyitlərin qaytarılması prosesi Qəzza zolağında girovların saxlandığı binaların genişmiqyaslı dağıdılması səbəbindən xeyli çətinləşib.