Hollivud ulduzları Vatikanda: Papa görüş keçirdi – Fotolar
Dünya
Papa Leo tanınmış Hollivud aktyorları və rejissorlarla görüşüb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Vatikanın qapalı tədbirinə dəvət olunanlar arasında ekran ulduzları Keyt Blanşett, Monika Beluççi, Kris Payn və Viqqo Mortensenlə yanaşı, məşhur rejissorlar Spayk Li, Qas Van Sent və Selli Potter də olub.
Əsasən kino sənayesi barədə danışan Papa bildirib ki, kinoteatrlar yaşamaq uğrunda mübarizə aparır və onları qorumaq üçün daha çox iş görülməlidir.
Onun sözlərinə görə, kinoteatrlar ciddi tənəzzüldədir və bir çoxları şəhər və məhəllələrdən tamamilə yox olur.
“Çoxları artıq kino sənətinin və kino təcrübəsinin təhlükədə olduğunu deyir. Mən institutları ruhdan düşməməyə, bu fəaliyyətin sosial və mədəni dəyərini birlikdə qorumağa çağırıram”, — deyə Papa əlavə edib.
Papa həmçinin kino sənətçilərini zorakılıq, müharibə, yoxsulluq və tənhalıq kimi mövzulara dürüst şəkildə yanaşmağa səsləyib.
Qeyd edək ki, bir çox ölkələrdə kassaya çıxışlar hələ də COVID-19 pandemiyasından əvvəlki səviyyəni bərpa etməyib.