"İctimai meşə": Polşada ekoloji layihəyə start verildi

"İctimai meşə": Polşada ekoloji layihəyə start verildi Dünya

Polşada iri şəhərlərin ətrafında “ictimai meşələr”in salınmasını nəzərdə tutan genişmiqyaslı ekoloji layihəyə start verilib.

News24.az xəbər verir ki, bu barədə “Time Out” nəşri məlumat yayıb.

Layihə çərçivəsində ilk ictimai meşə ölkənin üçüncü böyük şəhəri olan Vrotslav ətrafında istifadəyə verilib. Ümumilikdə isə Polşanın 11 iri şəhərinin yaxınlığında belə meşə zonalarının yaradılması planlaşdırılır. Məqsəd milyonlarla şəhər sakininin yaşadığı əraziyə yaxın təbii istirahət məkanları yaratmaqdır.

Sahəsi 13 min hektar olan Vrotslav ictimai meşəsi üç funksional zonaya bölünüb. Birinci zonada təbiətə demək olar ki, insan müdaxiləsinə yol verilməyəcək. İkinci zonada yalnız minimal müdaxilə mümkün olacaq. Üçüncü – sosial meşə zonasında isə velosiped yolları, piyada cığırları və ekoloji maarifləndirici marşrutlar salınacaq.

Layihə çərçivəsində bütün ərazidə ağacların kəsilməsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək. Meşələrdən ağac tədarükü məqsədilə istifadə nəzərdə tutulmur.

Yaxın vaxtlarda oxşar ictimai meşələrin Varşava, Krakov, Poznan, Lodz, Keltse və Belsko-Byala şəhərlərinin ətrafında da yaradılması planlaşdırılır.

Qeyd olunur ki, təşəbbüs 2023-cü ilin dekabrında hakimiyyətə gələn Polşa hökumətinin ekoloji siyasətinin tərkib hissəsidir. Yeni hökumət ölkənin ən qiymətli meşələrində ağac kəsilməsini məhdudlaşdırmaq qərarı verib. Bu addım əvvəlki hakimiyyətin, xüsusilə Belovej meşəsində aparılan intensiv ağac kəsiminə görə tənqid olunmasından sonra atılıb.

Mütəxəssislər bildirirlər ki, Polşa bu istiqamətdə tək deyil. Son illər Avropanın bir çox şəhərində yeni parklar salınır, ağaclar əkilir və şəhər mühitini daha sağlam etmək üçün yaşıl ekoloji dəhlizlər yaradılır.