İmran Xanla bağlı acı xəbər

İmran Xanla bağlı acı xəbər Dünya

Pakistanın keçmiş Baş naziri İmran Xan tibbi müayinə və müalicə üçün İslamabadda xəstəxanaya aparılıb. Müayinədən sonra siyasətçi yenidən həbsxanaya qaytarılıb.

News24.az xəbər verir ki, mənbələrin məlumatına görə, Rəvalpindidəki Adiala həbsxanasında saxlanılan Xan çərşənbə axşamı gecə saatlarında Pakistan Tibb Elmləri İnstitutuna (PIMS) aparılıb. O, çərşənbə günü burada göz müayinəsindən keçib.

Adının açıqlanmasını istəməyən rəsmi şəxslərdən biri bildirib ki, keçmiş baş nazirin qan təzyiqi ilə bağlı problemləri yaranıb və ona gecə saatlarında lazımi tibbi yardım göstərilib. Müayinədən sonra o, yenidən həbsxanadakı kamerasına qaytarılıb.

Qeyd edək ki, keçmiş kriketçi olan İmran Xan 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra o, bir sıra korrupsiya ittihamları ilə üzləşib və üç ildən artıqdır həbsdə saxlanılır.

Xana qarşı çıxarılan hökmlərin əksəriyyətinin icrası dayandırılıb və ya həmin qərarlar ləğv edilib. Hazırda bir sıra işlər üzrə apellyasiya prosesləri davam edir. Siyasətçi ona qarşı irəli sürülən ittihamları rədd edir və bunların siyasi motivli olduğunu bildirir. Pakistan hökuməti isə bu iddiaları qəbul etmir.

İmran Xanın vəkilləri onun həbsdə olduğu müddətdə səhhətinin pisləşdiyini, xüsusilə sağ gözündə ciddi görmə itkisi yarandığını bildirirlər.