İnstaqram loqosunu dəyişdi
Dünya
İnstagram 10 ildən sonra loqosunda dəyişiklik edib. Platformanın rəhbəri Adam Mosseri yenilənmiş dizaynı təqdim etsə də, yeni görünüş sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
News24.az xəbər verir ki, Mosseri yeni loqonu sosial media hesabında paylaşaraq bildirib ki, tətbiqin yuxarı hissəsində istifadə olunan yazı loqosu təxminən 10 ildir yenilənməyib. Onun sözlərinə görə, artıq dizaynda dəyişiklik etmək zamanı çatıb.
Yeni loqonun hazırlanması zamanı Instagram-ın ilkin vizual üslubundan ilhamlanıldığı qeyd olunub. Məqsəd platformanın tanınan simasını qorumaqla yanaşı, daha sadə, müasir və rəqəmsal görünüş yaratmaqdır.
Yenilənmiş versiyada əsas dəyişiklik “Instagram” sözünün yazılışındadır. Qara rəngli, qalın və daha yumru formalı hərflərdən istifadə edilib. Yazıdakı hərflərin bir-birinə daha yaxın yerləşdirilməsi isə loqoya fərqli görünüş verib.
Lakin yenilik sosial şəbəkədə gözlənilən reaksiyanı doğurmayıb. Mosserinin paylaşımının şərh bölməsində istifadəçilər yeni dizaynı tənqid edib və əvvəlki loqonun daha uğurlu olduğunu bildiriblər.
Bəzi istifadəçilər yeni şriftlə yazılan “Instagram” sözünün ilk baxışdan düzgün oxunmadığını qeyd ediblər. Hətta şərhlərdə loqonun “İnstaqzam” kimi göründüyünü yazanlar da olub.