İran alov içində: Etirazlar, ölənlər və kütləvi həbslər

İran alov içində: Etirazlar, ölənlər və kütləvi həbslər Dünya

İranda iki həftəyə yaxındır davam edən kütləvi etirazlar internetin genişmiqyaslı şəkildə məhdudlaşdırılması fonunda 13-cü gününə keçib.

News24.az xəbər verir ki, HRANA-nın yaydığı məlumata görə, son 13 gün ərzində azı 65 nəfər ölüb, 2 311 nəfər saxlanılıb, etirazlar isə 31 vilayətdə 180 şəhər üzrə 512 nöqtədə qeydə alınıb.

Yanvarın 9-da, etirazların 13-cü günündə məlumat axınının ciddi şəkildə məhdudlaşdırılmasına baxmayaraq, Tehran və bir sıra böyük və kiçik şəhərlərdə gecə saatlarında aksiyaların davam etdiyi bildirilib. Eyni zamanda təhlükəsizlik qüvvələrinin müdaxiləsi güclənib, gözyaşardıcı qazdan istifadə edildiyi, bəzi ərazilərdə atəş səslərinin eşidildiyi qeyd olunub.

HRANA-nın məlumatına əsasən, ölənlər arasında 50 etirazçı (onlardan 7-si 18 yaşdan aşağıdır), 14 təhlükəsizlik əməkdaşı və 1 hökumətyönlü mülki şəxs var. Real itkilərin daha çox ola biləcəyi istisna edilmir.

Saxlanılanların ümumi sayı 2 311 nəfərdir. Onlardan 624 nəfər fərdi, 1 687 nəfər isə kütləvi saxlanma yolu ilə həbs edilib. Saxlanılanlar arasında 167 uşaq və yeniyetmə, eləcə də 48 universitet tələbəsi var.

Eyni zamanda, bəzi şəhərlərdə mağaza sahiblərinə fəaliyyətlərini bərpa etmələri üçün təzyiqlər göstərildiyi, etirazlara dolayısı dəstək verən şəxslər barəsində cinayət işlərinin açıldığı bildirilir.

Xarici ölkələrin İranla bağlı səyahət xəbərdarlıqları yayılıb, beynəlxalq uçuşlarda gecikmələr və geri dönüşlər barədə məlumatlar daxil olub.

Nilufər