İran bu halda uranı 90 faizə qədər zənginləşdirəcək - Nüvə təhlükəsi
Dünya
İran ABŞ və İsrailin ölkəyə yenidən hücum edəcəyi təqdirdə uranın zənginləşdirilməsi səviyyəsini nüvə silahı istehsalı üçün uyğun hesab olunan 90 faizə çatdıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası üzvlərinin açıqlamalarında bildirilib.
Komissiya üzvlərindən Əbülfəzl Zöhrəvənd nüvə silahı məsələsinə toxunaraq deyib ki, İran üçün nüvə bombası istehsalının xüsusi mənası yoxdur və Tehran digər hərbi imkanlarla daha böyük təsir gücünə malik ola bilər.
Onun sözlərinə görə, Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və “Müqavimət Cəbhəsi”nin təsiri “yüz nüvə bombasından daha böyükdür”.
Zöhrəvənd həmçinin bildirib ki, nüvə bombası qədər sadə layihələrin mümkün olduğunu düşünür və Tehrandan Vaşinqtona saniyələr ərzində çata biləcək sistemlərin hazırlana biləcəyini iddia edib. /Azad İran/