İran danışıqlarda iştirak etməyəcək?

İran danışıqlarda iştirak etməyəcək? Dünya

“Tasnim” xəbər agentliyi bir neçə dəqiqə əvvəl İranın çərşənbə günü keçiriləcək danışıqlarda iştirak etməyəcəyini bildirib.

News24.az xəbər verir ki, agentlik bütün şayiə və iddialara baxmayaraq, İranın çərşənbə günü İslamabadda ABŞ-la nəzərdə tutulan danışıqlara qatılmayacağını yazıb.

Bildirilib ki, İran tərəfi müxtəlif səbəblərə görə bu barədə Pakistan vasitəçiliyi ilə ABŞ tərəfinə məlumat verib və hazırda danışıqlarda iştirakla bağlı hər hansı perspektiv görünmür.

Məlumata əsasən, Tehran danışıqlarda iştirakdan imtinanı ABŞ-ın öhdəlikləri pozması ilə əlaqələndirir. İran tərəfinin mövqeyinə görə, Pakistanın vasitəçiliyi ilə irəli sürülən və ABŞ-ın qəbul etdiyi 10 bəndlik çərçivə əsasında atəşkəs və sonrakı danışıqlara razılıq verilsə də, Vaşinqton daha sonra həmin öhdəliklərdən geri çəkilib.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl ölkəsinin atəşkəsin ilkin çərçivəsi əsasında Hörmüz boğazını ticarət gəmiləri üçün açacağını bildirmişdi. Sonradan tərəflər arasında aparılan mesaj mübadiləsində də ciddi irəliləyiş qeydə alınmadığı vurğulanıb.

Qeyd edək ki, İran tərəfi mövcud vəziyyətdə danışıqlarda iştirakı vaxt itkisi hesab etdiyini bildirərək, növbəti görüşə qatılmayacağını açıqlayıb.