İran müharibəsi Ağ Evi iki cəbhəyə böldü

İran müharibəsi Ağ Evi iki cəbhəyə böldü Dünya

ABŞ administrasiyasında İranla bağlı strategiya ətrafında fikir ayrılıqları yaşanır. İddialara görə, Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens münaqişənin gələcəyi ilə bağlı fərqli mövqelərə malikdir.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin Ağ Ev bürosunun rəhbəri Daşa Börns yazıb.

Məqalədə bildirilir ki, Vens ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına etiraz etsə də, administrasiya daxilində öz mövqeyini qəbul etdirə bilməyib. Buna baxmayaraq, onun komandası hesab edir ki, Vensin ictimaiyyət qarşısında sülh tərəfdarı kimi görünməsi siyasi baxımdan ona üstünlük qazandıra bilər.

Börnsün yazdığına görə, Vens ABŞ və İran arasında əldə olunan niyyət bəyannaməsinin əsas müdafiəçilərindən biri olub. Onun yaxın ətrafı sənəd uğursuz olsa belə, bunun Vensin siyasi imicinə ciddi zərər vurmayacağını düşünür.

Məqalədə qeyd olunur ki, Donald Tramp isə artıq növbəti prezident seçkilərində namizəd olmayacağını bildiyi üçün daha çox siyasi irsi barədə düşünür. Ağ Evdəki mənbələr jurnalistə bildiriblər ki, Tramp son aylarda reytinqlərdən çox, tarixdə necə xatırlanacağına önəm verir.

Yazıda vurğulanır ki, Tramp əvvəlcə İranla razılaşmanın münaqişədən çıxış yolu olacağına ümid etsə də, sonrakı hadisələr administrasiyanın hərbi cavab variantını üstün tutmasına səbəb olub.

Daşa Börns iddia edir ki, onun Ağ Evdə və Prezidentin yaxın çevrəsində danışdığı şəxslərin heç biri münaqişənin necə başa çatacağı barədə dəqiq təsəvvürə malik deyil. Onun sözlərinə görə, son qərarlar çox məhdud çevrədə müzakirə olunur və yekun qərarı şəxsən Donald Tramp verir. Bu səbəbdən müəllif hazırkı vəziyyəti tamamilə Trampa xas münaqişə kimi xarakterizə edir.