İran müharibəyə hazırlaşır?
Dünya
İran mümkün yeni hücumlara qarşı hərbi infrastrukturunu gücləndirir.
News24.az xəbər verir ki, ölkənin Hörmüz boğazı yaxınlığında yerləşən yeraltı “Oghab-44” aviabazasında bərpa və tikinti işləri davam etdirilir.
Peyk görüntülərinin təhlili nəticəsində 4,3 kilometr uzunluğunda uçuş-enmə zolağının yenidən istifadəyə hazırlanması, həmçinin döyüş təyyarələrini dağın daxilindəki yeraltı anqarlarla birləşdirəcək ikinci hərəkət yolunun tikintisi müəyyən edilib.
Bildirilib ki, aviabaza 2026-cı ildə ABŞ və İsrailin hücumları zamanı bir neçə dəfə hədəfə alınıb. Hücumlardan sonra ərazidəki dağıntılar təmizlənib, uçuş-enmə zolağındakı maneələr aradan qaldırılıb.
Bununla belə, bazanın real əməliyyat imkanları və hazırda burada yerləşdirilən təyyarələrin sayı məlum deyil.
Məlumata görə, İranın digər yeraltı hərbi obyektlərində də bərpa işləri aparılır. Ölkə bu infrastrukturu hərbi aviasiyanı və pilotsuz uçuş aparatlarını mümkün hava hücumlarından qorumaq məqsədilə inkişaf etdirir.