İranda təhlükəsizlik qüvvələri etirazçıların olduğu xəstəxanaya basqın etdi
Dünya
İran təhlükəsizlik qüvvələri etirazçılara tibbi yardım göstərilən xəstəxanaya basqın edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 4-ü İlam şəhərindəki İmam Xomeyni xəstəxanasında baş verib.
Məlumata görə, küçə toqquşmaları zamanı yaralılar və etiraz iştirakçıları xəstəxanaya daxil olublar, bundan sonra isə təhlükəsizlik qüvvələri oraya gəlib. Qüvvələr yaralıları həbs etmək məqsədilə şöbələrə daxil olub, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə ediblər.
Sözügedən hadisədən sonra ABŞ Dövlət Departamenti baş verənləri kəskin şəkildə qınayıb. Departamentin ərəb dilli hesabında və "X" platformasında yayımlanan bəyanatda hadisə amansız hücum və insanlığa qarşı cinayət adlandırılıb, təhlükəsizlik qüvvələrinin hərəkətləri isə beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Xüsusilə vurğulanıb ki, xəstəxanalar zorakı əməliyyatlar üçün istifadə olunmamalıdır.