İranda uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırıldı

İranda uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırıldı Dünya

İran hakimiyyəti hava məkanına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

News24.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

"Təhlükəsizliklə bağlı şərtlər yerinə yetirildikdən və aidiyyəti qurumlarla keçirilən mühüm razılaşmalardan sonra uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb və aviasiyanın fəaliyyəti tədricən əvvəlki iş rejiminə qayıdır", – məlumatda deyilir.

Qeyd edək ki, iyunun 7-də axşam saatlarında İran Təl-Əvivin Livandakı əməliyyatlarına cavab olaraq İsrailin şimal rayonlarına raket zərbələri endirib. Tehran daha əvvəl İsrailin Livana hücumları baş verdiyi təqdirdə onun da hücuma keçəcəyi barədə xəbərdarlıq edib. 8-nə keçən gecə İsrail İrana yeni zərbələr endirib, hədəfdə ölkənin mərkəzində və qərbindəki hərbi obyektlər olub. Nəticədə Xuzistan vilayətində neft-kimya sənayesinə məxsus ərazidəki obyektlər zərər görüb. Səhər saatlarında isə İran cavab olaraq İsrailin ərazisini atəşə tutub.