İraqda korrupsiya istintaqı - 375 kiloqram qızıl müsadirə edildi
Dünya
İraqın hüquq-mühafizə orqanları korrupsiya və rüşvətxorluq işlərinin araşdırılması çərçivəsində 375 kiloqram qızıl müsadirə edib.
News24.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin Ali Məhkəmə Şurasının nümayəndəsi Diya Cəfər məlumat verib.
Onun sözlərinə görə, istintaq çərçivəsində onlarla yüksək vəzifəli məmur, parlament üzvü və əsasən energetika və neft sənayesi ilə əlaqəli iş adamları təqsirləndirilir.
Diya Cəfər bildirib ki, İraq Kürdüstanının məhkəmə orqanları ilə birgə həyata keçirilən əməliyyat zamanı neft nazirinin müavini Adnan əl-Cümeylinin əsas fiqur olduğu cinayət işində 358 kiloqram külçə qızıl aşkarlanaraq götürülüb.
Bundan əlavə, neft sənayesində korrupsiya sxemləri ilə bağlı başqa bir iş üzrə aparılan axtarış zamanı daha 17 kiloqram qızıl müsadirə olunub. Götürülən bütün qızıl külçələri İraq Mərkəzi Bankına təhvil verilib.
Xatırladaq ki, iyunun sonunda İraq təhlükəsizlik qüvvələri korrupsiya ittihamı ilə 47 yüksək vəzifəli məmuru və deputatını saxlayıb. Həmin vaxt hüquq-mühafizə orqanlarının müxtəlif səviyyəli məmurlar barəsində azı 200 həbs qərarı çıxardığı bildirilib.
İraq hakimiyyəti korrupsiyaya qarşı əməliyyatların davam etdiyini və yaxın vaxtlarda Neft və Elektrik Nazirliklərində korrupsiya ilə əlaqəli yeni şəxslərin adlarının açıqlanacağını da bəyan edib.