İspaniyada yanğın NASA-nın strateji kompleksinə qədər yayıldı

İspaniyada yanğın NASA-nın strateji kompleksinə qədər yayıldı Dünya

İspaniyada genişlənən meşə yanğınları NASA-nın kosmik aparatlarla əlaqə üçün istifadə etdiyi üç əsas müşahidə kompleksindən birinə çatıb.

News24.az xəbər verir ki, bu barədə "Wired" nəşri məlumat yayıb.

Söhbət Madrid yaxınlığındakı Robledo-de-Çavela bələdiyyəsində yerləşən Dərin Kosmik Rabitə Kompleksindən gedir. Bu obyekt "Voyager 1", "James Webb" Kosmik Teleskopu və digər kosmik aparatlarla əlaqənin təmin olunmasında mühüm rol oynayır. Kompleks həmçinin "Artemis" proqramı çərçivəsində Ay ətrafında uçuş həyata keçirən "Orion" kosmik gəmisinin missiyası zamanı da istifadə olunub.

İspaniyada nəzarətdən çıxan meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib, Madrid yaxınlığında yerləşən yaşayış məntəqələrindən 60 min nəfər təxliyə olunub. Yanğının təsir etdiyi ərazilərdən biri də NASA-nın sözügedən kompleksi yerləşən Robledo-de-Çavela olub.

Hadisə yerindən yayılan görüntülərdə radioteleskopların tüstü və alovun əhatəsində qaldığı görünür. NASA-nın nümayəndəsi bütün əməkdaşların təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.

Qeyd olunub ki, alov artıq kompleksin ərazisindən keçsə də, həssas avadanlıqlara dəyən ziyanın həcmi hələ məlum deyil. Zərərin qiymətləndirilməsi yalnız ərazi tam təhlükəsiz olduqdan sonra aparılacaq.

NASA əlavə edib ki, missiyaların idarə olunması fasiləsiz davam edir. Bunun üçün rabitə dəstəyi müvəqqəti olaraq ABŞ-ın Kaliforniya ştatındakı Qoldstoun Dərin Kosmik Rabitə Kompleksinə köçürülüb və kosmik aparatlarla əlaqədə heç bir fasilə yaranmayıb.

İspaniyadakı obyekt Avstraliyanın Kanberra və ABŞ-ın Kaliforniya ştatındakı Qoldstoun kompleksləri ilə birlikdə NASA-nın "dünyanın ən böyük və ən həssas elmi telekommunikasiya sistemi" hesab etdiyi şəbəkənin tərkib hissəsidir. Bu sistem vasitəsilə "Voyager 1", "James Webb" Kosmik Teleskopu və digər kosmik aparatlarla məlumat mübadiləsi həyata keçirilir, eyni zamanda radioastronomik müşahidələr aparılır.

Xatırladaq ki, İspaniyada baş verən meşə yanğınları son illərin ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunur. İyulun 10-na olan məlumata görə, hadisə nəticəsində azı 12 nəfər həyatını itirib. Yerli hakimiyyət orqanları yanğını region tarixinin ən ağır fəlakətlərindən biri kimi qiymətləndirir.