İsrailli kəşfiyyat eksperti Türkiyəyə xəbərdarlıq etdi: “Diqqət etməliyik!”
Dünya
İsrailin aparıcı mətbuat orqanlarından olan “Globes” qəzetində dərc edilən təhlildə Təl-Əviv Universitetinin kəşfiyyat üzrə eksperti Dr. Yaakov Falkov Türkiyənin son illərdə Yaxın Şərqdə artan təsirini “İsrail üçün strateji çağırış” kimi qiymətləndirib.
News24.az xəbər verir ki, Falkov Ankaranın regional siyasətdə və diplomatik münasibətlərdə fəallaşmasının İsrailin təhlükəsizlik və kəşfiyyat dairələrində diqqətlə izlənilən əsas mövzulardan biri olduğunu deyib.
Ekspertin sözlərinə görə, Türkiyənin həm qlobal, həm də regional arenada artan diplomatik və hərbi nüfuzu İsrailin daha ayıq-sayıq davranmasını tələb edir:
“Ankara son illərdə regional güc balansında mühüm dəyişikliklərə səbəb olub. Bu, İsrailin strateji maraqları baxımından ciddi şəkildə izlənməlidir. Biz regiondakı yeni reallığı qəbul etməli və ona uyğunlaşmalıyıq".
Falkov əlavə edib ki, İsrail təhlükəsizlik qurumları Türkiyənin diplomatiya və kəşfiyyat sahəsində getdikcə aktivləşməsini regional arxitekturanın yenidən formalaşmasının əlaməti kimi qiymətləndirir. Onun sözlərinə görə, Ankara yalnız öz sərhədləri daxilində deyil, regional böhranlarda və beynəlxalq ittifaqlarda da qərarverici aktora çevrilməkdədir.