İvanka Trampa qarşı sui-qəsd cəhdi: şübhəli saxlanıldı

İvanka Trampa qarşı sui-qəsd cəhdi: şübhəli saxlanıldı Dünya

ABŞ Prezidentinin qızı İvanka Trampa qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinən İraq vətəndaşı Türkiyədə saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə "New York Post" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 32 yaşlı Məhəmməd Bəkir Saad Davud əs-Saadi İranın SEPAH və "Kətaib Hizbullah" qruplaşması ilə əlaqəli olub. Bildirilir ki, o, 2020-ci ildə Bağdadda ABŞ zərbəsi nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin qisasını almaq məqsədilə hücum planlaşdırıb.

Nəşrin yazdığına görə, şübhəli şəxs sosial şəbəkədə İvanka Trampın Floridadakı yaşayış məntəqəsinin xəritəsini paylaşaraq ərəb dilində təhdidlər edib.

Mənbələrin iddiasına əsasən, əs-Saadi mayın 15-də Türkiyədə saxlanılıb və daha sonra ABŞ-yə ekstradisiya olunub.

ABŞ hakimiyyəti onu Avropa və Şimali Amerikada Amerika və yəhudi obyektlərinə qarşı hücumların təşkili və koordinasiyasında ittiham edir. İddialara görə, o, Amsterdamda bankın yandırılması, Londonda iki yəhudiyə bıçaqlı hücum və Torontodakı ABŞ konsulluğunda baş verən atışma ilə də əlaqələndirilir.

Qeyd olunur ki, şübhəli Bağdadda doğulub və Tehranda SEPAH xətti ilə təlim keçib. ABŞ rəsmilərinin məlumatına görə, onun İran hərbi strukturları ilə yaxın əlaqələri olub.

Ağ Ev isə İvanka Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı xəbərləri hələlik şərh etməyib. (Oxu.az)