Kahıdan yayılan infeksiya can almağa başladı – ABŞ-də həyəcan

Kahıdan yayılan infeksiya can almağa başladı – ABŞ-də həyəcan Dünya

ABŞ-nin Miçiqan ştatında siklosporiaz infeksiyasının yayılması davam edir. Ştatın səhiyyə qurumları son məlumatlarında yoluxanların sayının 12218 nəfərə çatdığını, bunun əvvəlki hesabatla müqayisədə 710 nəfər çox olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Miçiqanda infeksiya ilə əlaqəli ilk iki ölüm faktı da qeydə alınıb. Bildirilib ki, həyatını itirən hər iki şəxsin ağır yanaşı xəstəlikləri olub.

İndiyədək ştatda infeksiya səbəbindən 193 nəfər xəstəxanaya yerləşdirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına əsasən, son aylarda ölkə üzrə siklosporiaz parazitinin törətdiyi bağırsaq infeksiyasına yoluxma halları davamlı artır. Xəstəlik əsasən ishal, ürəkbulanma və digər mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunur.

CDC ölkə üzrə laboratoriyada təsdiqlənmiş 10468 yoluxma faktı qeydə alındığını, əlavə olaraq isə 12255-dən çox laborator təsdiqi olmayan hadisə barədə məlumat aldığını bildirib.

Araşdırmalara görə, artıq 9 ştatı əhatə edən yoluxma ocağı Meksikanın mərkəzində fəaliyyət göstərən "Taylor Farms" müəssisəsindən tədarük edilərək "Taco Bell" restoranlarında istifadə olunan aysberq kahısı ilə əlaqələndirilir. Bununla yanaşı, mütəxəssislər yoluxmanın digər mümkün mənbələrini də araşdırırlar.

Məlumata görə, baş verən hadisələrdən sonra ABŞ-də bir çox istehlakçı bəzi restoran şəbəkələrindən uzaq durmağa və mağazalardan kahı almağı azaltmağa başlayıb.

Qeyd edək ki, siklosporiaz adətən nəcis ilə çirklənmiş suyun və ya əsasən çiy meyvə-tərəvəzin qəbulu nəticəsində insanlara yoluxur. (Reuters)