Karib dənizində əməliyyat başlayır – Heqset açıqladı

Karib dənizində əməliyyat başlayır – Heqset açıqladı Dünya

ABŞ-nin “müharibə naziri” adlandırılan müdafiə naziri Pit Heqset Karib hövzəsində yeni hərbi əməliyyatın başladıldığını elan edib. O, bunu “narkoterrorçulara qarşı əməliyyat” adlandırıb.

News24.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində bildirib:

“Bu missiya vətənimizi qoruyur, narkoterrorçuları ərazimizdən uzaqlaşdırır və əhalimizi öldürən narkotiklərdən müdafiə edir”, – o bildirib.

Ondan əməliyyatın detalları — zərbənin nə vaxt endiriləcəyi, əməliyyatın nələri əhatə edəcəyi və regiondakı əvvəlki hərbi kampaniyalardan necə fərqlənəcəyi — barədə soruşulduqda Heqset heç bir məlumat verməyib.

Medianın məlumatına görə, Prezident Donald Tramp hələ yekun qərar verməyib.

Qeyd edək ki, ABŞ artıq bir neçə aydır Karib dənizində və Sakit okeanda narkotik daşıdığı iddial edilən gəmiləri məhv edir. Yeni “narkotiklərə qarşı müharibə” çərçivəsində indiyədək təxminən 80 nəfər öldürülüb, 21 gəmi isə batırılıb.

“CNN” bildirib ki, Böyük Britaniya artıq Karib dənizində narkotacirlərə aid olduğu iddia edilən gəmilərlə bağlı kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşmür, çünki London Vaşinqtonun həmin hərbi zərbələrinə qoşulmaq istəmir və onları qanunsuz hesab edir.