Keçmiş nazir ev dustaqlığına buraxıldı
Dünya
Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.
News24.az xəbər verir ki, məhkəmə bu qərarı 24 noyabrda fond bazarındakı maliyyə əməliyyatları ilə bağlı istintaq çərçivəsində verib.
Kaya 6 noyabrda cinayətkar təşkilatda iştirak etmək və kapital bazarı qanunlarını pozmaq şübhəsi ilə həbs edilib. O, 18 gün həbsdə olub. Məhkəmə nəzarəti tədbiri olaraq ev dustaqlığına buraxılması qərarı vəkili həbsdən apelyasiya şikayəti verdikdən sonra qəbul edilib.
İstintaq Özata Denizcilik gəmiçilik şirkətinin səhmləri ilə bağlı əməliyyatlarla bağlıdır. Türkiyə mediasının məlumatına görə, Kaya və əri bu qiymətli kağızlara 163 milyon türk lirəsi yatırıblar və sonradan təxminən 2,2 milyard lirə alıblar. Müstəntiqlər əməliyyatların şərtlərini və keçmiş nazirin investisiya qərarlarına təsir göstərə biləcək əvvəllər dərc olunmamış məlumatlardan xəbərdar olub-olmadığını araşdırırlar.
Kaya ittihamları rədd edib və günahsız olduğunu bildirib. O həmçinin investisiya qərarları verərkən məxfi məlumat aldığını və ya kiminsə göstərişi ilə hərəkət etdiyini inkar edib. İstintaq davam edir.