Keçmiş prezidentin oğlu ölkədən deportasiya edildi

Keçmiş prezidentin oğlu ölkədən deportasiya edildi Dünya

Cənubi Afrika Respublikası məhkəməsi Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Bellarmin Çatunqa Muqabe barədə qərar çıxarıb.

News24.az xəbər verir ki, qərara əsasən, 28 yaşlı Muqabe miqrasiya və silahla bağlı iki ayrı ittiham üzrə təqsirini etiraf etdikdən sonra cərimələnib və ölkədən deportasiya olunmasına hökm verilib.

Məlumata görə, o, 2023-cü ildə oyuncaq silahı real silah kimi təqdim etdiyinə görə 400 min rand, miqrasiya qanunlarını pozduğuna görə isə əlavə 200 min rand olmaqla ümumilikdə 600 min rand (təxminən 62 min manat) cərimə ödəyəcək.

Məhkəmə onun Yohannesburqdakı beynəlxalq hava limanından Zimbabveyə göndərilməsini tapşırıb.

Bildirilib ki, hadisə bu ilin 19 fevralında Muqabe ailəsinin Yohannesburqdakı evində baş verən insidentdən sonra gündəmə gəlib.

Həmin vaxt evdə çalışan 23 yaşlı Sifo Mahlanqu kürəyindən güllələnmişdi. İlkin olaraq Muqabe və əmisi oğlu Tobias Muqabe Matonxodze qəsdən adam öldürməyə cəhddə ittiham olunmuşdu.

Lakin Matonxodze daha sonra ittihamları qəbul edərək qəsdən adam öldürməyə cəhd, qanunsuz silah saxlama və digər maddələr üzrə təqsirli bilinib və üç il həbs cəzası alıb.

Qeyd edək ki, Robert Muqabe Zimbabveyə təxminən 40 il rəhbərlik edib. Onun hakimiyyəti sonradan avtoritar idarəçilik, iqtisadi böhran və hiperinflyasiya ilə yadda qalıb. Muqabe 2017-ci ildə çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və 2019-cu ildə 95 yaşında vəfat edib. (Qafqazinfo)