Kim Çen Inın varisi kim olacaq?

Kim Çen Inın varisi kim olacaq? Dünya

Şimali Koreya lideri Kim Çen Inın ehtimal olunan varisi onun 13 yaşlı qızı Kim Çju Edir.

News24.az xəbər verir ki, bu barədə “Independent” nəşri Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına istinadən yazıb.

Kəşfiyyatın məlumatına görə, Kim Çen Inın oğlu varsa belə, onun ölkəyə rəhbərlik üçün uyğun vəziyyətdə olmadığı ehtimal edilir.

Kim Çju E 2022-ci ilin sonlarından etibarən atasını raket sınaqları və hərbi paradlar da daxil olmaqla bir sıra mühüm tədbirlərdə müşayiət edib.

Şimali Koreyanın dövlət mediası onu Kim Çen Inın ən sevimli və hörmət etdiyi övladı kimi təqdim edib.

Bununla belə, bəzi ekspertlər Şimali Koreyanın yüksək vəzifəli şəxslərinin ölkəyə qadının rəhbərlik etməsini qəbul edib-etməyəcəyinə şübhə ilə yanaşırlar.

Digər ekspertlər isə 42 yaşlı Kim Çen Inın hələ varisini müəyyənləşdirmək üçün kifayət qədər gənc olduğunu düşünürlər.