Ukraynanın Fransadan istədiyi "Rafale"nin özəllikləri – Foto
Dünya
Ukrayna ölkənin müdafiə imkanlarını gücləndirmək məqsədilə Fransa ilə 100-ə qədər “Rafale F4” döyüş təyyarəsinin alınmasına dair niyyət sənədi imzalayıb.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Anlaşma Fransa müdafiə sənayesi nəhəngi Dassault şirkətinin səhmlərinin sürətlə yüksəlməsinə səbəb olub.
Bəs “Rafale” qırıcıları hansı üstünlüyə malikdir və Ukrayna nə üçün məhz bu qırıcıları istəyir?
“Rafale” fransızca “külək qopması” və “atəş yağışı” mənasını verir.
“Rafale” “Dassault Aviation” tərəfindən hazırlanan ikimühərrikli çoxməqsədli hərbi təyyarədir. Şirkət təyyarənin kəşfiyyatdan gəmi hücumlarına qədər missiyaları yerinə yetirə bildiyini deyir.
Təyyarənin üç versiyası mövcuddur: quru bazalarından uçan təkoturacaqlı versiya, ikioturacaqlı versiya və aviadaşıyıcılar üçün nəzərdə tutulan təkoturacaqlı versiyası.
Təyyarə ilk dəfə 2004-cü ildə Fransa donanmasının, 2006-cı ildə isə Fransa Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. O, dəfələrlə modernləşdirilib və ən yeni nəsil “Standard F5” versiyasının 2030-cu ildə hazır olması planlaşdırılır.
“Dassault” şirkəti oktyabr ayında 300-cü “Rafale” təyyarəsinin təhvil verildiyini açıqlayıb. İndiyədək Fransa və xarici dövlətlər tərəfindən 533 ədəd sifariş qəbul edilib. İxracatın ilk böyük alıcısı 2015-ci ildə Misir olub.
“Rafale” müxtəlif müharibə bölgələrində — Əfqanıstan, Mali, Liviya, İraq və Suriya əməliyyatlarında istifadə edilib. “Reuters”in məlumatına görə, Pakistan 2024-cü ildə Hindistana məxsus ən azı bir “Rafale”ni vurub ki, bu da təyyarənin nüfuzuna zərbə kimi qiymətləndirilib.
Qətər, Yunanıstan, Xorvatiya, BƏƏ, İndoneziya, Serbiya, eləcə də Hindistan və Misir bu təyyarənin müştəriləri sırasındadır. Ən böyük sifarişlərdən biri 2021-ci ildə BƏƏ tərəfindən verilən 80 ədəd “Rafale F4” olub.
Təyyarənin texniki göstəriciləri: uzunluğu 15 metrdən çoxdur. Qanadı açıq halda 11 metrdir. Boş olduqda təyyarənin çəkisi 10 tondur. Maksimum uçuş hündürlüyü 15240 metrdir. Fransa ordusu “Rafale” ilə nüvə başlıqlı raketləri daşıya bilir.
Qeyd edək ki, Ukraynanın bu müqaviləsi Avropada təhlükəsizlik gündəmini yenidən canlandırıb. Kiyev Rusiya təhdidi fonunda hava qüvvələrini sürətlə modernləşdirməyə çalışır. “Rafale” sifarişi NATO daxilində də mühüm strateji addım kimi qiymətləndirilir.