Kolumbiyada 7,4 bal gücündə zəlzələ: ölənlərin sayı artır – YENİLƏNDİ
Dünya
Kolumbiya hökuməti ölkənin qərbində baş verən 7,4 bal gücündə güclü zəlzələ ilə əlaqədar milli miqyasda fövqəladə vəziyyət elan edib.
News24.az xəbər verir ki, qərar prezident Abelardo de la Espriellanın rəhbərliyi ilə keçirilən təcili hökumət iclasında qəbul olunub.
Son məlumatlara görə, dağıdıcı zəlzələ nəticəsində 80 nəfər həyatını itirib. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir.
Zəlzələnin episentri Çoko əyalətinin San-Xose-del-Palmar şəhəri yaxınlığında olub. Güclü yeraltı təkanlar Pereyra, Kali və Manisales də daxil olmaqla bir sıra şəhərlərdə binaların dağılmasına və insanların dağıntılar altında qalmasına səbəb olub.
Xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir. Hadisənin miqyası və itkilərin sayı ilə bağlı məlumatların yenilənməsi gözlənilir.
***19:19
Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ ölkənin bir neçə şəhərində ciddi dağıntılara və insan tələfatına səbəb olub. Son məlumata görə, təbii fəlakət nəticəsində azı 18 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
News24.az xəbər verir ki, zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında, paytaxt Boqotadan təxminən 280 kilometr aralıda yerləşib. Güclü yeraltı təkanlar Pereira, Kali və Manisales də daxil olmaqla ölkənin qərb bölgələrində hiss olunub.
Ən ağır vəziyyət Pereyrada qeydə alınıb. Şəhər meri Maurisio Salasarın sözlərinə görə, burada 18 nəfər ölüb, dağılan binaların altında qalanların axtarışı isə davam edir.
Manisalesdə onlarla yaşayış binası zərər görüb, məktəblər, xəstəxanalar və kilsələrə ciddi ziyan dəyib. Kali şəhərində isə azı 20 binanın dağıldığı, bəzi insanların dağıntılar altında qaldığı bildirilir. Xilasetmə qrupları hadisə yerlərində fasiləsiz axtarış-xilasetmə əməliyyatları aparır.
Kolumbiya hakimiyyəti fövqəladə xidmətləri tam səfərbər edib, zərərçəkənlərin sayı və dağıntıların miqyası ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.