Leninin "Rolls-Royce"u 35 ildən sonra ilk dəfə qarajdan çıxarıldı
Dünya
Rusiyada Vladimir Leninə məxsus, "Qorki Leninskiye" Dövlət Tarix-Muzey Qoruğunun kolleksiyasında saxlanılan unikal “Rolls-Royce Silver Ghost” ("Gümüş Kabus") avtomobili 35 ildən sonra ilk dəfə Memorial Qarajdan çıxarılıb.
News24.az xəbər verir ki, buna səbəb binada aparılacaq əsaslı təmir işləridir.
Avtomobil hərəkət vəziyyətində olmadığından, onun daşınması üçün xüsusi layihə hazırlanıb.
Nəqliyyat vasitəsi 15 mütəxəssis, iki forklift və bir manipulyator vasitəsilə xüsusi platformaya yerləşdirilərək müvəqqəti saxlanma yerinə aparılıb.
1922-ci ildə İngiltərədə Lenin üçün alınan avtomobil 1928-ci ildə fransız mühəndisi Adolf Keqressin hazırladığı yarımtırtıllı hərəkət sistemi ilə təchiz edilib.
Bu, dünyada belə quruluşda qorunub saxlanılan yeganə “Rolls-Royce Silver Ghost” hesab olunur və "Rusiyanın elm və texnika abidəsi" statusuna malikdir.
Avtomobilin 2026-cı ilin sonuna qədər yenidən Memorial Qaraja qaytarılması planlaşdırılır.