Litva Rusiyaya nota verdi
Dünya
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə həyata keçirdiyi hücum zamanı Litva səfirliyinə dəyən ziyanla bağlı Moskvaya diplomatik nota təqdim edib.
News24.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Kiyevə endirilən genişmiqyaslı zərbələr zamanı şəhərdəki müxtəlif mülki obyektlərlə yanaşı, Litvanın diplomatik nümayəndəliyi də zərər görüb.
Məlumata görə, iki Rusiya raketi və ya pilotsuz uçuş aparatı Kiyevin Peçersk rayonunda yerləşən Litva səfirliyinin yaxınlığına düşüb, onlardan biri səfirliyin perimetr divarından təxminən 5 metr, digəri isə 150 metr məsafədə partlayıb.
Litva tərəfi Rusiyanın diplomatik nümayəndəsinə təqdim edilən notada səfirlik binasına dəyən ziyanı və əməkdaşların təhlükəsizliyinin riskə atılmasını qəti şəkildə pisləyib.
Vilnüs hesab edir ki, baş verənlər 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ziddir. Litva zərərin tam qiymətləndirilməsindən sonra Rusiyadan kompensasiya tələb edə biləcəyini və əlavə tədbirlər görmək hüququnu saxladığını bildirib.
Açıqlamada həmçinin Rusiyaya Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq, qoşunlarını beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazilərindən çıxarmaq və müharibə nəticəsində yaranmış ziyana görə kompensasiya ödəmək çağırışı edilib. (Qafqazinfo)