Livanda ümumi amnistiya elan edildi

Livanda ümumi amnistiya elan edildi Dünya

Livan parlamenti ümumi amnistiya və həbs müddətlərinin azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

News24.az xəbər verir ki, bu, 1990-cı ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ölkədə qəbul edilən ən genişmiqyaslı amnistiya qərarıdır.

Hazırda Livanın həbsxanalarında müxtəlif cinayətlərdə ittiham olunan və məhkəməyə qədər həbsdə saxlanılan təxminən 8 min nəfər var.

Qanuna əsasən, hakimlər 14 ildən artıq müddətdə məhkəmə hökmü olmadan həbsdə saxlanılan şəxsləri azad etməlidirlər. Bununla belə, onların məhkəmə prosesi davam etdiriləcək. Qanun cəzasını çəkib başa vurmasına baxmayaraq, cəriməni ödəyə bilmədiyi üçün həbsdə qalan şəxslərə də şamil olunur.

Amnistiya narkotik vasitələrdən istifadə və bəzi narkotiklərlə əlaqəli cinayətlərə, həmçinin müəyyən istisnalar və təkrar cinayət törədən şəxslərin məsuliyyətini nəzərdə tutan hüquqi normalara aid olmayan oğurluq hallarına görə məhkum edilmiş şəxsləri əhatə edir.

Sənəd həmçinin xaricdə yaşayan bəzi kateqoriyadan olan livanlıların ölkəyə qayıtmasına imkan verir.

Bununla yanaşı, terrorçuluq, hərbi cinayətlər, dövlətə xəyanət, casusluq və digər ağır cinayətlər amnistiyaya şamil edilmir.