Luvr muzeyindən oğurluqla bağlı daha iki nəfər saxlanıldı
Dünya
Luvr muzeyində baş verən oğurluqla bağlı daha iki nəfər həbs edilib.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, Paris Prokurorluğunun məlumatına əsasən, Luvr Muzeyində baş verən 102 milyon dollarlıq zinət əşyaları oğurluğu ilə əlaqədar bir kişi və bir qadın barəsində rəsmi istintaq başlanılıb. Bununla da bu iş üzrə rəsmi ittiham irəli sürülənlərin sayı dördə çatıb.
Məlumata görə, 37 yaşlı kişi əvvəllər də oğurluq hadisələrinə görə polis tərəfindən saxlanılıb. O, “təşkilatlanmış oğurluq” və “cinayətkar qrup halında sui-qəsd” ittihamı ilə həbs olunub. 38 yaşlı qadın isə “təşkilatlanmış oğurluğa şəriklik” və “cinayətkar qrupda iştirak” maddələri ilə ittiham edilir.
Prokurorluq bildirib ki, həmin gün kişi və qadınla birlikdə saxlanılan daha üç nəfər istintaqdan sonra azadlığa buraxılıb. Yeni ittiham olunanlar isə məhkəmə qarşısına çıxarılaraq ilkin istintaq müddətində həbsdə saxlanılacaq. Onlar üzərlərinə qoyulan ittihamları qəbul etmirlər.
Prokurorluq ötən həftə bu iş üzrə saxlanılan iki nəfərin oğurluğu qismən etiraf etdiyini deyib. Həmin şəxslərdən biri — 2010-cu ildən Fransada yaşayan 34 yaşlı Əlcəzair vətəndaşı — ölkədən çıxmağa çalışarkən hava limanında saxlanılıb. Digəri isə əvvəldən ağır oğurluq işi üzrə məhkəmə nəzarəti altında olan 39 yaşlı şəxsdir.
Hazırda istintaq davam edir və oğurlanan zinət əşyalarından hələlik heç bir iz tapılmayıb.
Xatırladaq ki, təxminən iki həftə əvvəl iki maskalı şəxs yükqaldırıcı lift vasitəsilə muzeyin ikinci mərtəbəsinə daxil olaraq vitrini elektrik alətləri ilə qırıb, zinət əşyalarını götürüb skuterə minərək hadisə yerindən uzaqlaşıb. Bu hadisə dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvrda təhlükəsizlik sisteminin zəifliyini üzə çıxarıb.